50/30/20 maliyyə planı ilə pulunu idarə et

banner-img

Hər birimizin fərqli xəyalları, istəkləri və ehtiyacları var. Şəxsi maliyyə strategiyası qurarkən hər ay gəlir və xərclərin bölgüsünü dəqiqləşdirmək mühüm məsələdir. Bunun üçün maliyyə mütəxəssisləri qlobal iqtisadiyyatdakı dəyişikliklərə uyğun olaraq müxtəlif metodlar təklif edirlər. Dünyada geniş tətbiq edilən strategiyalardan biri də “50/30/20” maliyyə planıdır. Bu plan gəlirinin hansı hissəsinin hara yönəldiyini aydın şəkildə göstərir. Bu bloqda 50/30/20 planının mahiyyəti, tətbiq qaydaları və üstünlükləri haqqında ətraflı danışacağıq.

50/30/20 maliyyə planının əsasları

50/30/20 maliyyə planı ABŞ senatoru Elizabet Varren və qızı Amelia Varren Tyagi tərəfindən qələmə alınan və 2005-ci ildə nəşr olunan "All Your Worth: The Ultimate Lifetime Money Plan" (Bütün sərvətiniz: Həyat boyu maliyyə planı)  kitabı əsasında yaranmışdır.
Varren və Tyagi 20 ildən çox davam edən araşdırmalarına əsasən vurğulayırlar ki, büdcəni nizama salmaq üçün mürəkkəb hesablama sistemlərinə ehtiyac yoxdur. Yalnız 50/30/20 qaydasını tətbiq etməklə ehtiyacların, istəklərin və maliyyə hədəflərin arasında ideal balansı qoruya bilərsən.
Bu maliyyə planı gəliri olan hər kəs üçün universal bir idarəetmə strategiyasıdır. Planın mahiyyəti gəlir və xərclərin optimal nisbətdə bölüşdürülməsindən ibarətdir. Buradakı əsas məqsəd vəsaitləri düzgün tənzimləmək və gözlənilməz maliyyə çətinliklərinə qarşı dayanıqlığı artırmaqdır.

50/30/20 maliyyə planı nədir və necə işləyir?

50/30/20 maliyyə planı vəsaitlərini effektiv, sadə və davamlı şəkildə idarə etməyə imkan verən praktiki bir büdcələmə metodudur. Qaydanın əsas mahiyyəti aylıq xalis gəlirini (vergilər çıxıldıqdan sonra qalan məbləği) üç əsas kateqoriya üzrə bölüşdürməkdir: ehtiyaclar üçün 50%, fərdi istəklər üçün 30%, yığım və borcların ödənilməsi üçün isə 20%. Hər bir kateqoriya üzrə xərcləmə limitlərini öncədən müəyyən etmək büdcənə tam nəzarət etməyə kömək edəcəkdir.

Bu maliyyə planı kimlər üçün uyğundur?

50/30/20 maliyyə planı sabit aylıq gəliri olan hər kəs üçün əlverişlidir. Bu sistem xüsusilə maliyyə savadlılığını artırmaq, borc yükünü azaltmaq və ya müntəzəm yığım vərdişi qazanmaq istəyənlər üçün effektiv strategiyadır. Lakin hər bir fərdin gəlir səviyyəsi və zəruri xərcləri fərqli olduğu üçün bu plan hamı üçün universal bir həll olmaya bilər.
50/30/20 planının maliyyə hədəflərinlə uyğunlaşdırılması
Bu planı fərdi maliyyə məqsədlərinə uyğun şəkildə optimallaşdıra bilərsən. Məsələn, daha böyük yığım hədəflərin varsa, yığım payını 20%-dən yuxarı qaldıra, "istəklər" kateqoriyasını isə müvafiq olaraq azalda bilərsən. İlk növbədə, bu sistemi prioritetlərinə uyğunlaşdırmaq vacibdir. Ola bilsin ki, borclarını daha sürətlə bağlamaq üçün bu hissəyə daha çox vəsait ayırmaq və ya "ehtiyat fondu" yaratmaq üçün yığımlarını artırmaq istəyirsən. Bu bölgü sənin cari maliyyə vəziyyətindən və gələcək planlarından asılı olaraq dəyişə bilər.

Büdcənin tərtibində 50/30/20 qaydasının tətbiqi

50/30/20 qaydasına əsasən vəsaitlərin bölüşdürülməsi üç əsas istiqamət üzrə qruplaşdırılır: zəruri xərclər, fərdi istəklər, yığım və investisiyalar.

Zəruri xərclər: 50%-lik hissə
Zəruri xərclərin həyat fəaliyyətini davam etdirmək üçün mütləq olan ödənişləri əhatə edir. Bunlar sənin yaşayış minimumunu və təməl ehtiyaclarını təmin edən xərclərdir. Bu kateqoriyaya aylıq kirayə və ya ipoteka ödənişləri, əsas qida məhsulları, kommunal xidmətlər (su, elektrik, təbii qaz, internet), nəqliyyat xərcləri (yanacaq, ictimai nəqliyyat), həmçinin tibbi sığorta və zəruri müalicə xərcləri daxildir. Zəruri xərcləri müəyyən edərkən ehtiyat fondu (fövqəladə fond) yaratmaqla özünü gözlənilməz maliyyə risklərinə qarşı sığortalamağın tövsiyə olunur.
Bu büdcə bölgüsü hər bir şəxsin gəlir səviyyəsinə görə fərqlənə bilər. Əgər zəruri ehtiyacların xalis gəlirinin 50%-dən çoxunu təşkil edirsə, xərclərin optimallaşdırılması üçün müəyyən addımlar ata bilərsən. Bunun ən effektiv yolu kommunal xidmətlərdən istifadə zamanı qənaətcil davranmaq və ya gündəlik alış-veriş xərclərini minimuma endirmək üçün daha səmərəli alternativlər tapmaqdır.

Fərdi istəklər: 30%-lik hissə
Bu kateqoriya həyat keyfiyyətini artıran, lakin gündəlik fəaliyyətin üçün kritik əhəmiyyət kəsb etməyən xərcləri əhatə edir. "İstəklər" çox vaxt fərdi seçimlərə əsaslanır və lüks xərclər hesab olunur. Məsələn, restoran və kafelərdə vaxt keçirmək, kinoteatrlara getmək, qeyri-zəruri geyim alış-verişi, səyahət, idman zalı üzvlükləri və ya rəqəmsal abunəliklər (Netflix, Spotify və s.) bu qrupa daxildir. Bu xərcləri nəzarətdə saxlamaq yığım vərdişlərini gücləndirməyin və büdcə balansını qorumağın əsas şərtidir. Əgər bu kateqoriya üzrə xərclərin limitləri aşırsa, hansı bəndlərdə ixtisarlar edə biləcəyini nəzərdən keçirmək tövsiyə olunur.

Yığım və investisiya: 20%-lik hissə
Bu kateqoriya gələcəyin üçün vəsait toplamaq və strateji maliyyə hədəflərinə çatmaq məqsədilə nəzərdə tutulub. Burada əsas prioritet yığım vərdişlərini formalaşdırmaq, borc öhdəliklərini azaltmaq və müxtəlif investisiya alətlərindən yararlanmaqla maliyyə sabitliyinə nail olmaqdır. Bu bölməyə ehtiyat fondunun (fövqəladə hal fondu) yaradılması, pensiya yığımlarına töhfə vermək, investisiya hesablarına vəsait yönəltmək və ya kreditlərin vaxtından əvvəl ödənilməsi daxildir. Sözügedən addımlar həm gələcək rifahını təmin edir, həm də uzunmüddətli maliyyə planının əsas sütununa çevrilir. Bu kateqoriya üzrə ayırdığın vəsaitlər sənin üçün etibarlı maliyyə təməli yaradacaqdır.
Əlavə olaraq qeyd etmək lazımdır ki, 50/30/20 qaydasına riayət etmək həyatın dadını çıxarmaqdan imtina etmək anlamına gəlmir. Bu metod sadəcə büdcəndə ən çox vəsait tələb edən sahələri müəyyən etməyə və xərclərində daha səmərəli olmağa kömək edir.

50/30/20 planının fərdi maliyyə hədəflərinə adaptasiyası

50/30/20 planının uğurla tətbiq edilməsinin sirri onu şəxsi maliyyə prioritetlərinə düzgün uyğunlaşdırmaqdan keçir. Bu mərhələ büdcənin fərdiləşdirilməsi və ehtiyaca uyğun tənzimlənməsi prosesini əhatə edir. Planı öz həyat tərzinə tətbiq edərkən nəzərə almalı olduğun bir neçə vacib məqam var:

Planın fərdi maliyyə hədəfləri ilə uzlaşdırılması

Bu mərhələdə şəxsi maliyyə hədəflərini dəqiq müəyyənləşdirməli və 50/30/20 planını həmin məqsədlərə uyğun optimallaşdırmalısan. Maliyyə hədəfləri, adətən, qısamüddətli, ortamüddətli və uzunmüddətli olmaqla üç qrupa bölünür. Məsələn, qısamüddətli hədəflərə ehtiyat fondunun (fövqəladə hal fondu) yaradılması, ortamüddətli hədəflərə mənzil sahibi olmaq və ya təhsil haqlarının qarşılanması, uzunmüddətli hədəflərə isə pensiya dövrü üçün investisiyalar daxil edilə bilər. Hər bir məqsəd üçün tələb olunan məbləği müəyyən etdikdən sonra gəlirlərini buna uyğun bölüşdürə bilərsən. Məsələn, ehtiyat fondunu daha sürətlə formalaşdırmaq və ya gələcək investisiyaları artırmaq üçün yığım payını (20%-lik hissəni) daha da yüksəltmək mümkündür.

Planın çevikliyi və yenidən tənzimlənməsi

50/30/20 planı maliyyə vəziyyətin və hədəflərin dəyişdikcə sənə hərəkət azadlığı təmin edən çevik bir sistemdir. Həyat şərtləri dəyişdikdə, istər gəlir səviyyəsinin transformasiyası, istərsə də gözlənilməz xərclərin yaranması olsun, bu vəziyyətləri mütləq nəzərə almalısan. Belə hallarda büdcəni və xərcləmə vərdişlərini yenidən nəzərdən keçirmək olduqca vacibdir. Məsələn, gözlənilməz sağlamlıq xərcləri ilə qarşılaşdıqda zəruri ehtiyaclar üçün ayrılan payı artıraraq digər kateqoriyalarda müvafiq optimallaşdırmalar apara bilərsən. Eynilə, iş yerini dəyişdikdə gəlirini yenidən qiymətləndirərək planını aktual saxlaya bilərsən. Bu çeviklik sənə şəxsi ehtiyaclarına və dəyişən iqtisadi şərtlərə uyğunlaşaraq maliyyə stabilliyini qorumağa imkan verir.
Yekun olaraq, bu addımları izləməklə 50/30/20 qaydasını gündəlik həyatında uğurla tətbiq edə bilərsən. Xərclərini dəqiqliklə qruplaşdırmaq və hər bir kateqoriya üzrə vəsaitləri düzgün tənzimləmək, büdcəni daha səmərəli idarə etməyə və maliyyə vəziyyətinə tam nəzarət etməyə imkan verəcəkdir.
 

share